Portağal
12:19, 08 fevral 2021
453
0

Portağal bitkisinin təsviri


Böyük xalq təsərrüfatı əhəmiyyətinə malik sitrus meyvələri zəngin kimyəvi tərkibi, yüksək qıdalılığı, diyetik və aromatik xüsusiyyətinə görə çox qiymətlidir.Vitaminlərlə zənginliyi, efir yağlarına malik olması, saxlanma və emal zamanı tərkibini nisbətən sabit saxlaması bu bitkilərin tibbi əhəmiyyətini də artırır.

Sitrusların mədəniləşmə mərkəzlərinin  hələ də ayınlaşdırılmaması və onlara yabanı şəkildə heç bir yerdə rast olunmaması, onların müxtəlif subtropik və tropik bölgələrdə formalaşması qənaətinə gəlməyə imkan verir. Belə ki, şirin portağalın cənub-şərqi Asiyada, naringinin Filippində, sitron, limon, həm də ola bilər ki, portağalın Hindistanda, pompelsumun Zond adalarında əmələ gəldiyi ehtimal edilir
.
Portağal – Citrus sinensis (L.) Osbeck. bitkisi 12 m-ə qədər hündürlükdə koltipli ağac bitkisidir.  Zoğları və budaqları tikanlıdır. Cavan yarpaqları ensiz lansetvari,yaşlı yarpaqları oval formalıdır. Tünd yaşıl rəngli, orta irilikdə, uc hissəsi sivridir. Yarpaq saplağında zəif qanadları olur. Çiçəkləri iki cinsli, ağ rəngli ,orta irilikdə, ətirli, yarpaq qoltuğunda tək-tək və ya salxım şəklində olan çiçək topasında yerləşir. Bir dişiciyi, 24 erkəkciyi və 5 çiçək ləçəyi var.Tozcuqları sarı rəngli yağlı maye ilə yapışmış olduğundan toz kisəsindən düşmür. Çiçəkləri cari ilki  zoğlarda, bəzən 1-3 illik zoğlarda əmələ gəlir. Açıq şəraitdə bir dəfə, aprel-may aylarında çiçəkləyir. Yayı quraq, payızı isti və rütubətli şəraitdə ikinci dəfə çiçəkləyə bilir. Üç vegetativ boya malikdir: birinci boy yazda-yayda, ikinci boy yayda, üçüncü boy isə payızda olur.

Portağalda tumurcuqlar iki tipdə olur: qarışıq (vegetativ –generativ) və sadə (vegetativ). Müəyyən edilmişdir ki, qarışıq tumurcuqlar 4 tipdə zoğ yaradır.

  • Normal buğumarası və yarpaqları olan uzun zoğ – yüksək boyatma və meyvəvermə qabiliyyətinə (3-5 ədəd) malikdir.
  • Gödək boğumarası olan ortaboylu zoğlar – orta məhsuldardırlar (iki meyvə).
  • Zəif, gödəkboylu. Sıxbuğumlu, yarpaqsız zoğlar - məhsul vermir.
  • Çox güclü boya və yarpaqlanmaya malik zoğlar-bir ədəd çiçək tumurcuğu ilə nəhayətlənir.
  • Zoğları və cavan gövdəsi yaşıl rəngli və hamardır.Yaşlı ağaclarda gövdə boz və ya açıq qəhvəyi rənglidir.

Özübarlı bitkidir. Bir sıra sortları bakirə (partenokarp) meyvə verir. Çarpaz tozlanma, meyvə bağlama faizini artırır. Meyvələri sortlardan asılı olaraq, müxtəlif irilikdə və müxtəlif formalıdır. Meyvə özəyi sıxdır. Qabığı möhkəm, sığallı (bəzən codur), 1.8-6 mm qalınlıqda, lətdən çətin ayrılır . Sarı narıncı, bəzən qırmızımtıl rənglidir. Meyvələri çoxyuvalı, çoxtoxumlu və bəzən toxumsuzdur. Bir sıra sortlarda meyvənin təpəsində göbəyəbənzər çıxıntı olur. Meyvənin 3\4 hissəsini meyvə ləti təşkil edir. Meyvə qabığı ikiqatlıdır. Üst, rəngli hissə flavedo, ağ rəngli,yumşaq toxumalı hissə albedo adlanır.

Meyvə ləti 9-13 ədəd sıx birləşmiş, bir- birindən çətin ayrılan dilimlərdən təşkil edilmişdir. Hər dilim ayrıca möhkəm pərdə ilə örtülüdür. Portağalın kök sistemi xüsusən öz kökü üzərində güclü inkişaf edir. Bəzən köklər çox dərinə (5 m -ə qədər) işləyir. Ümumiyyətlə kök sisteminin inkişafı, torpaq tipindən və calaqaltısından asılı olaraq 0,5 m-dən 4-5 m-ə qədər dərinliyə işləyə bilir.

Kökün üfüqi istiqamətində yayılma diametri 75-180 sm-dir.

Portağalın on minə qədər sortu məlumdur.Onlardan daha geniş yayılanları Pervenes, Vaşinqton Navel, Hamlin, Korolyok – 100, və diğərləridir.

Portağal toxum və calaqla artırılır.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)